ELM VƏ TƏHSİL
Dünyanın ondan çox ölkəsindən ədəbiyyatşünaslar BSU-da toplaşıb
Bakı, 27 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Noyabrın 27-də Bakı Slavyan Universitetində “Müqayisəli ədəbiyyat və mədəniyyət: Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Bakı Slavyan Universiteti və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkil etdiyi konfrans «Milli ədəbiyyat və mədəniyyət meyarları» layihəsinin davamı kimi nəzərdə tutulub.
Tədbiri açan BSU-nun rektoru, professor Asif Hacıyev konfransın mahiyyəti barədə məlumat verib. Bildirilib ki, beynəlxalq konfransa İtaliya, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Qazaxıstan, İran, Türkiyə və Gürcüstan və digər ölkələrdən 30-dan çox alim qatılıb. Azərbaycanın bir sıra ali təhsil müəssisələri və AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının əməkdaşları da konfransda iştirak edirlər. Bu konfrans Azərbaycanın dünyəvi multikultural ənənələrini və dünya xalqlarının mədəniyyətini bir araya gətirir. Rektor əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla inkişaf etdirildiyini qeyd edib. Dövlət başçısı İlham Əliyevin “Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir” tezisinin ölkəmizdəki reallıqları dolğun əks etdirdiyini və təhsil müəssisələrində, o cümlədən BSU-da bu sahədə geniş fəaliyyət göstərildiyini bildirib. Asif Hacıyev bugünkü konfransın da məhz bu fəaliyyətin bariz nümunəsi olduğunu vurğulayıb.
Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, professor Rəhilə Qeybullayeva konfransın işi haqqında iştirakçıları məlumatlandırıb, tədbir çərçivəsində keçiriləcək “dəyirmi masa” və ustad dərslərindən danışıb.
Konfransda çıxış edən Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov, Ukraynanın P.T.Tronko adına Region Araşdırmaları Mərkəzinin direktor müavini Olqa Vovk, İtaliyanın Piemonte Orientale Universitetinin professoru Stefania Sini, Böyük Birtaniyanın Kembric Universitetinin professoru Firuza Melville, Rusiyanın Sankt-Peterburq şəhərinin Mərkəzi Dövlət Arxivinin nümayəndəsi Mixail Şkarovski, İranın Xarəzmi Universitetindən Qodratullah Qorbani, Gürcüstanın Şota Rustavelli adına Ədəbiyyat İnstitutunun nümayəndəsi İrina Modebadze, Türkiyə təmsilçisi doktor Nazmi Ağıl və başqaları konfransın işinə uğurlar arzulayıblar.