CƏMİYYƏT
Dünyanın qabaqcıl dövlətlərinin radikal qüvvələrlə mübarizədə birləşməsi zəruridir
Bakı, 4 mart, AZƏRTAC
Trend Beynəlxalq İnformasiya Agentliyində “Şimal-Cənub” Siyasi Mərkəzinin nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan və Rusiyanın aparıcı ekspert və politoloqlarının iştirakı ilə “Cənubi Qafqazda dinlərarası dialoq: sabit inkişaf amili” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin gündəliyinə əsas “Radikal islamın Cənubi Qafqaz ölkələrinin təhlükəsiz və sabit inkişafının saxlanmasına təhdidi”, “Sivilizasiyaların qarşıdurması: müasir geosiyasi proseslərin inkişafının mühüm amili kimi”, “Xəzər regionunda perspektivli formatlar, terrorçuluq və ekstremizm təhdidlərinə qarşı mexanizmlər”, “Yaxın və Orta Şərqdəki vəziyyətin Cənubi Qafqaz dövlətlərinə mənfi təsiri perspektivləri”, “Rusiya və Azərbaycan arasında dinlər və etniklərarası dialoqun möhkəmləndirilməsi alətləri: pravoslavlıq və islamın qarşılıqlı fəaliyyəti” məsələləri daxil edilib.
İştirakçılar son vaxtlar Avropa və dünyada radikalizm və ekstremizin təkcə islamda deyil, ümumiyyətlə, artmasından narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, bu, radikalizm, açıq qarşıdurma və qarşılıqlı qəbul etməmənin üzdə olduğu bir çox digər dini konfessiyalara da aiddir.
“Dəyirmi masa” iştirakçıları, həmçinin dünyanın qabaqcıl dövlətlərinin radikal qüvvələrlə mübarizədə birləşməsinin zəruriliyini vurğulayıblar.