İQTİSADİYYAT


Dünyanın və regionun daşınmaz əmlak bazarının aparıcı şirkətləri yenidən Bakıya toplaşacaq

Bakı, 20 aprel, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 23-dən 25-dək Bakı Ekspo Mərkəzində növbəti beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirəcək.

Komitədən AZƏRTAC-a bildirilib ki, ölkə iqtisadiyyatında həyata keçirilən uğurlu islahatların nəticəsi və daşınmaz əmlak bazarının yerli və xarici investorlar üçün cəlbediciliyi nəzərə alınaraq, cari ildə də təşkil olunacaq sərgiyə daha çox investorun, əmlak şirkətlərinin qatılması, onların layihələrinin təqdimatları gözlənilir. Tədbirin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb olunması da əsas vəzifələrdəndir.

Özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərini yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq. Komitə tərəfindən sərgidə təşkil ediləcək pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, bu sahədə müasir informasiya kommunikasiya texnologiyalarının imkanları ilə yaradılan sistemlər, elektron xidmətlər və digər yeniliklər nümayiş olunacaq. Builki sərgidə özəlləşdirilməyə açıq elan edilən müəssisələrin pavilyonlarının yaradılması kimi yeniliklər də nəzərdə tutulur. Bundan başqa, sərgidə komitənin məsləhət xidmətləri də təqdim ediləcək. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak prosedurları barədə məlumat veriləcək.

Sərginin maraqlı cəhətlərindən biri də burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Bu da əmlak alıcılarına təklifləri, fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı verəcək.

Beynəlxalq tədbirdə iştirak edəcək xarici investorların ölkənin daşınmaz əmlak sektoruna yatıracağı kapital bu sahənin canlanmasına, müəssisələrin rentabelliyi fəaliyyətinin bərpa olunmasına və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına səbəb olacaq. Odur ki, bu istiqamətdə Azərbaycanın xaricdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri vasitəsilə müxtəlif ölkələrin ticarət birlikləri, investisiya fondları və bütün maraqlı tərəflərlə əlaqələrin qurulması mühüm əhəmiyyətə malikdir. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı konsulluğu vasitəsilə iri investorların cəlb edilməsi üzrə Dubay Ticarət Palatası ilə danışıqlar aparır. Eyni məqsədlə Azərbaycanın Türkiyədəki səfirliyi ilə də müvafiq işlər həyata keçirilir.

Xatırladaq ki, ötən il keçirilmiş Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində Türkiyə, BƏƏ, Rusiya, Ukrayna, Almaniya, İspaniya, Portuqaliya, Gürcüstan, Macarıstan, Lüksemburq və Kipr olmaqla 11 xarici ölkə iştirak etmişdi. Ümumilikdə isə sərgiyə qatılmış 91 yerli, 152 beynəlxalq şirkətin layihələri 5400 peşəkar ziyarətçiyə təqdim olunmuşdu. Bu sıraya investisiya fondlarının, ticarət və ipoteka banklarının, lizinq şirkətlərinin xidmətləri də daxil idi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.