SİYASƏT
Düsen Kaseinov: Hazırda dünyada neqativ nə baş verirsə, qarşısını yalnız mədəniyyətdə birlik ala bilər VİDEO
Bakı, 18 may, AZƏRTAC
“Mən üçüncü dəfədir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çox böyük həvəslə iştirak edirəm və deyə bilərəm ki, forum ildən-ilə daha böyük beynəlxalq əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin və bizim sıx əməkdaşlıq etdiyimiz UNESCO və İSESCO rəhbərlərinin bu gün forumun açılışında etdikləri çıxışlar göstərir ki, hazırda dünyada neqativ nə baş verirsə, qarşısını yalnız mədəniyyətdə birlik ala bilər. TÜRKSOY bütün türk məkanında türk dünyasının mədəniyyət xadimlərinin səylərini birləşdirməklə məşğuldur və bununla tariximizin, incəsənətimizin əhəmiyyətini nümayiş etdirir. Bundan başqa, Türk mədəniyyətinin və irsinin qorunub saxlanması fondu yaradılıb.
Bu sözləri TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinov AZƏRTAC-a verdiyi müsahibədə deyib.
D.Kaseinov Bakıda birinci Avropa Oyunlarının keçirilməsi məsələsinə toxunaraq bu genişmiqyaslı möhtəşəm hadisənin məhz Azərbaycanda keçirilməsindən məmnun olduğunu bildirib. D.Kaseinov deyib: “Bu tədbirin keçirilməsi üçün məhz sizin ölkənin seçilməsi böyük beynəlxalq tədbirlər təşkil etməyi bacaran bir ölkə kimi Azərbaycanın ümumi yüksək mədəniyyətinin və nüfuzunun göstəricisidir. Birinci Avropa Oyunlarını türk ölkələrindən birinin qəbul etməsi özü çox mühüm hadisədir”.