QAN YADDAŞI
Düşənbədə 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
Düşənbə, 30 mart, АZƏRTAC
Azərbaycanın Tacikistandakı səfirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.
Bununla bağlı səfirliyin foyesində Azərbaycan, rus və ingilis dillərində kitablar və məlumatlar toplusu nümayiş etdirilib.
Tədbirdə Düşənbə şəhərində akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, Tacikistanda yaşayan Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışıb, ermənilər tərəfindən xüsusilə 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqqında məlumat verib. Bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, on minlərlə insan evlərindən didərgin düşüb.
Diplomat, həmçinin erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin bu gün də davam etdiyini diqqətə çatdırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan torpaqlarının işğalı və bunun ağır nəticələri haqqında danışıb. Səfir işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildirib.
A.Həsənov vurğulayıb ki, ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin 200 ilə yaxın tarixi var. Ermənilər 1992-cil il fevral ayının 25-dən 26-na keçən gecə, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırımı həyata keçirdilər.
Tədbirdə çıxış edənlər 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətindən danışıblar.
Sonra rus və ingilis dillərində 31 mart hadisələrini əks etdirən sənədli filmlər nümayiş etdirilib.
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-reliz Tacikistanın dövlət və hökumət orqanlarına, parlament üzvlərinə, qeyri-hökumət təşkilatlarına, Düşənbədə fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə, kütləvi informasiya vasitələrinə göndərilib.
Sonda 31 mart soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə