SİYASƏT


Düşənbədə Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan regionunun təhlükəsizliyi və inkişafı forumu keçirilib

Düşənbə, 3 iyul, AZƏRTAC

Düşənbədə ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeldin təsis etdiyi fondun dəstəyi ilə CAMCA (Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan regionunun təhlükəsizliyi və inkişafı forumu keçirilib.

CAMCA regional forumu üzv ölkələrin milli əlaqələndiriciləri tərəfindən idarə olunur. Forumda CAMCA-nı təmsil edən ölkələrin, o cümlədən Azərbaycan, Gürcüstan, Ermənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Əfqanıstan və Monqolustanın nümayəndələri iştirak ediblər.

Toplantıda regional münaqişələrin həlli, nəqliyyat dəhlizlərinin inkişafı, sahibkarlığın və ticarətin qarşılıqlı dəstəyi, terrorizmə qarşı birgə mübarizə geniş müzakirə olunub.

Forumda Azərbaycanı ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Dövlət Neft Fondunun icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva və Azərbaycan üzrə milli əlaqələndirici və idarə heyətinin üzvü, SOCAR-ın biznesin inkişafı şöbəsinin rəisi Emil Qasımlı təmsil ediblər.

F.İsmayılzadə regional əməkdaşlığa əsas maneə törədən amil kimi, regionda həll olunmamış münaqişələrin törətdiyi böyük fəsadları toplantı iştirakçılarının nəzərinə çatdırıb.

E.Qasımlı şəbəkənin Azərbaycan nümayəndələrinin əldə etdiyi uğurlar və eyni zamanda, ölkəmizin uğurlu beynəlxalq enerji layihələri haqqında ətraflı məlumat verib.

N.Nəsrullayeva Azərbaycanda həyata keçirilən böyük layihələrin CAMCA ölkələrinə verə biləcəyi töhfələrdən bəhs edib.

Tədbirin sonunda CAMCA-nın növbəti 5-ci illik iclasının 2018-ci ildə Bakıda keçirilməsi barədə yekdil qərar qəbul edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.