SİYASƏT
Düşənbədə Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub
Düşənbə, 29 may, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfirliyi “Hyatt Regency” mehmanxanasında 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirib.
Mərasimdə Azərbaycan və Tacikistanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov qonaqları salamlayaraq bildirib ki, müsəlman Şərqində ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dövlət atributlarını yaradıb, bir sıra ölkələrlə diplomatik əlaqələr qurub. Təəssüf ki, bu dövlət 1920-ci il aprelin 28-də XI Qızıl Ordu tərəfindən süquta uğradılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən diplomat deyilib ki, torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan çox azərbaycanlı öz ata-baba yurdlarından qovulub.
A.Həsənov diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması ilə əlaqədar dörd qətnamə qəbul etməsinə baxmayaraq, təcavüzkar hələ də bu sənədləri yerinə yetirmir. Münaqişənin həll olunmaması isə region üçün böyük təhlükə yaradır.
Ölkənin müasir inkişafından söz açan səfir bildirib ki, 1993-cü ildə dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə vətəndaş müharibəsinin qarşısı alındı, neft strategiyası həyata keçirilməyə başlandı, suveren Azərbaycanın dinamik inkişafının əsası qoyuldu.
Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan söz açan səfir Bakı şəhərində keçirilən mötəbər tədbirlər barədə məlumat verib.
Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov 28 May- Respublika Günü münasibətlə Azərbaycan xalqını öz hökuməti adından təbrik edib, xalqımıza və dövlətimizə daha böyük uğurlar arzulayıb. O, Tacikistan ilə Azərbaycan arasındakı münasibətlərdən məmnunluğunu ifadə edərək qeyd edib ki, ikitərəfli münasibətləri müxtəlif sahələrdə genişləndirmək üçün imkanlar çoxdur.
Qəbul zamanı Azərbaycanın mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bugünkü mənzərələrini əks etdirən videomaterial nümayiş etdirilib, milli musiqilərimiz səsləndirilib.
İştirakçılara Respublika Günü ilə bağlı Azərbaycan, tacik, ingilis və rus dillərində hazırlanmış məlumatlar toplusu və digər təbliğat materialları paylanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə