SİYASƏT


Düşənbədə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibətilə mərasim keçirilib

Düşənbə, 11 may, АZƏRTAC

Azərbaycanın Tacikistandakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibətilə mərasim keçirilib.

Tədbirdə Tacikistanın parlamentinin deputatları, dövlət məmurları, bir sıra universitetlərin rektorları, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.

Səfirliyin foyesində Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı Azərbaycan, rus və ingilis dillərində məlumatlar toplusu və deputat Elmira Axundovanın Heydər Əliyev haqqında yazdığı 7 cilddən ibarət “Şəxsiyyət və zaman” və Nikolay Zenkoviçin “Heydər Əliyev. Taleyin gərdişi” adlı kitablarının səfirlik tərəfindən tacik dilində nəşr edilmiş nüsxələri nümayiş etdirilib və iştirakçılara paylanıb.

Əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin səfirliyin həyətində ucaldılmış abidəsi önünə əklil qoyublar.

Ölkəmizin Tacikistandakı səfiri Abbasəli Həsənov Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyəti barədə geniş məlumat verib.

Səfir bildirib ki, ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrdə Mərkəzi Asiya respublikalarının inkişafına xüsusi diqqət yetirib. Tacikistan SSR-də infrastruktur və sosial yönümlü obyektlərin tikilməsi, o cümlədən Düşənbə-Kulyab dəmir yolu, Düşənbə şəhər Diaqnostika Mərkəzi, bir sıra sənaye müəssisələri, təhsil və mədəniyyət mərkəzlərinin tikilməsi üçün keçmiş SSRİ Nazirlər Sovetinin qərarlarının verilməsində Ulu Öndərin mühüm rolunun olduğunu diqqətə çatdırıb.

A.Həsənov dünya şöhrətli siyasətçi Heydər Əliyevin istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərdə görülən böyük işlər haqqında ətraflı məlumat verib.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsin elan edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Supsa layihəsi, ümumən ölkəmizin neft strategiyasının hazırlanmasında Ümummilli Liderin danılmaz xidmətlərindən danışıb.

Bildirilib ki, bu siyasi xətt bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan regionun ən sürətlə inkişaf edən və güclü iqtisadiyyata malik olan dövlətinə çevrilib.

Özbəkistanın Tacikistandakı səfiri Şokasım Şoislomov bildirib ki, ölkəsinin xarici işlər nazirinin müavini vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin Özbəkistana səfərinin hazırlanmasında yaxından iştirak edib, dəfələrlə Özbəkistanın birinci Prezidenti İslam Kərimov və Heydər Əliyev arasında keçirilən görüşlərin iştirakçısı olub.

Tacikistanın İran İslam Respublikasındakı keçmiş səfiri Ramazan Mirzoyev, akademik Karamatulla Olimov Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi xarakterizə ediblər.

Sonra Andrey Konçalovskinin 2 hissədən ibarət “Hakimiyyətin yükü” adlı sənədli filmi nümayiş etdirilib, Ulu Öndərin əziz xatirəsinə ehsan verilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.