REGİONLAR


Düşmən atəşi nəticəsində Tərtər rayonunda dağılmış evlərin bərpası başa çatıb VİDEO

A+ A

Tərtər, 14 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində Tərtər rayonunda əhaliyə məxsus dağılmış evlərin bərpası başa çatıb. Bərpa və təmir işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Tofiq Kərimov AZƏRTAC-a bildirib ki, Qapanlı kəndində tamamilə dağılmış bir ev yenidən tikilib. Zərər çəkmiş evlərdən 8-də bərpa, 18-də təmir işləri aparılıb. Qismən zərər çəkmiş yüzlərlə evə dəyən ziyan aradan qaldırılıb. Tərtər şəhərində daha çox dağıntıya məruz qalmış Fikrət Əmirov küçəsində infrastruktur yenidən qurulub, küçənin elektrik, qaz xətləri yenidən çəkilib, divarlar aqlay daşı ilə üzlənib, yola yeni asfalt örtüyü döşənib.

Erməni silahlı qüvvələrinin atəşi nəticəsində zərər çəkmiş evlərin bərpa və təmir olunması cəbhəyanı ərazilərdə yaşayan insanlar tərəfindən böyük razılıqla qarşılanıb.

Düşmənin artilleriya zərbəsi nəticəsində evi dağılmış Rəbiyə Qarayeva AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Ermənilərin aprelin 27-dən 28-nə keçən gecə atdığı mərmilərdən biri bizim evin qarşısına düşmüş, evimiz tamamilə dağılmışdı. May ayının əvvəlində dövlətimizin başçısı cəbhə bölgəsinə səfəri zamanı bizim evdə oldu. Bildirdi ki, dağılmış evlər tezliklə bərpa olunacaq. Budur, artıq evimiz bərpa olunub. Qayğımıza qaldığı üçün Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Tərtər şəhər sakini Olqa Kruqlova isə bildirib ki, aprelin 2-də ermənilərin atəşi nəticəsində onun da evi dağılmışdı: “Evimiz tamamilə bərpa və təmir edilib. Hər şey gözəldir. Dövlətimiz, Prezidentimiz var olsun”.

Qeyd edək ki, aprel ayında düşmənin atəşi nəticəsində Tərtər rayonunun Şıxarx, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış məcburi köçkünlərin yaşadıqları evlər də zərər çəkmişdi. Bu evlərin təmiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.