CƏMİYYƏT
“Duzlu göl”lərdə böyük müalicə əhəmiyyətinə malik lil palçığı var
Bakı, 25 may, AZƏRTAC
Yay fəslində sağlamlığı qeydinə qalanların ən çox üz tutduğu məkanlardan biri də camaat arasında “duzlu göl” adlandırılan su hövzələri və gölməçələrdir. Bəzən həmin gölməçələr və onların sağlamlıq əhəmiyyəti barədə birmənalı rəy olmur.
AZƏRTAC-ın müxbirinin bununla əlaqədar sualına cavab verən Elmi Tədqiqat Təbii Bərpa İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Əlişir Musayev deyib: “Masazır, Məmmədli və Zığ göllərindən yayda duz çıxarılır və ona görə də el arasında onları “duzlu göl” kimi tanıyırlar. Əslində isə həmin göllərdə çox böyük müalicəvi əhəmiyyətə malik olan lil palçığı var. Həmin göllərin ətrafında palçıqla müalicə pansionatı tikilməsi daha yaxşı olardı. Məsələn, Pyatiqorsk şəhəri ətrafında Tambukan gölü var, az qala bütün Stavropol əhalisi həmin gölün palçığından istifadə edərək şəfa tapır. Masazır gölünün palçığı tərkibi etibarı ilə heç də ondan geri qalmır. Krımda Saki şəhərində onurğa beyni xəstəlikləri, əlillər üçün palçıqla müalicə mərkəzləri var və hər il ora çoxlu xəstələr üz tutur. Palçıq müalicələri bərpa prosesinin və reabilitasiyanın əsasını təşkil edir.
Palçıq göllərinin, daha doğrusu, natrium-xloridli su mənbələrinin ətrafında həmişə yodlu-bromlu su mənbələri olur. Abşeron yarımadasındakı natrium-xloridli suların tərkibində də yod və brom birləşmələri olur. Kürdəmir rayonunda Carlı deyilən ərazidə, Abşeron və Bilgəh sanatoriyalarının ərazisində də müalicəvi əhəmiyyət daşıyan yodlu-bromlu su mənbələri var. Həmin su mənbələri müxtəlif sağlamlıq problemlərinin həllində əhəmiyyətli rol oynayır”.