ELM VƏ TƏHSİL
“EBSCO” şirkəti 14 elmi istiqamətdə kitab və jurnalların məlumat bazasına giriş təqdim edir
Bakı, 19 noyabr, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “EBSCO” şirkətinin Qərbi və Orta Asiya üzrə nümayəndəsi Reyko Raye ilə keçirilən görüşdə iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, R.Raye təmsil etdiyi şirkət haqqında məlumat verib.
ABŞ-ın nüfuzlu şirkətlərindən olan EBSCO dünyanın aparıcı nəşriyyatlarının elmi resurslarının ən böyük aqreqatorudur. Şirkət 14 elmi istiqamətdə kitab və jurnalların məlumat bazasına giriş təqdim edir. “EBSCO” 375-dən çox müxtəlif elmi-tədqiqat bazasının resurslarına, o cümlədən 360 min elmi jurnal və 550 min elektron kitaba vahid nöqtədən çıxış imkanı yaradır.
R.Raye “Google” və digər qlobal şirkətlərin “EBSCO”-nun əsas korporativ müştərilərindən olduğunu vurğulayıb.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.