REGİONLAR
ECDL sertifikatı gənc mütəxəssislərə karyera hədəflərinə asanlıqla çatmağa kömək edəcək
Dünyada kompyuter savadlılığını təsdiq edən standartlar içərisində ECDL - Avropanın Kompyuterdən İstifadə Lisenziyası sertifikatı, artıq geniş yayılıb. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı, informasiya texnologiyalarının əsas konsepsiyalarının mənimsənilməsini, fərdi kompyuterlərdən və əsas tətbiqi proqramlardan istifadə biliyini təsdiq edir. Layihənin əsas məqsədi Azərbaycanda kompyuter biliklərinin standartlarını müəyyənləşdirməkdir.
Naxçıvan Dövlət Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ECDL Azərbaycan Milli Operator və Test Mərkəzləri layihəsi çərçivəsində universitetdə keçirilən görüşdə bu məsələ ilə bağlı tələbə və müəllimlərə ətraflı məlumat verilib.
Qafqaz Universitetinin layihə ofisinin rəhbəri Üzeyir Bağırov məlumat verərək qeyd edib ki, muxtar respublikada müxtəlif ixtisaslar üzrə ali təhsil alan şəxslər Naxçıvan Özəl Universitetində təməl, orta, ali səviyyəyə uyğun müəyyənləşdirilmiş qruplar şəklində hazırlıq kursu keçəcək, sonra seçdikləri modul üzrə imtahan verdikdən sonra ECDL sertifikatı əldə edəcəklər. Bu beynəlxalq səviyyəli sertifikat gənc mütəxəssislərə gələcəkdə karyera hədəflərinə asanlıqla çatmağa kömək edəcəkdir.
Qeyd olunub ki, ECDL 24000-dən çox təlim və imtahan mərkəzində 43 dildə tədris və imtahan keçir. Bu tədris prosesinin indiyədək dünyada 13 milyondan çox iştirakçısı olub. ECDL-in təqdim etdiyi sertifikat 149 ölkədə tanınır. Üzeyir Bağırov müxtəlif təlim modullarında tədris olunacaq mövzular, imtahanların onlayn şəkildə keçirilməsi və qiymətləndirmə, əldə olunan kompyuter biliklərinin tətbiq sferaları barədə məlumat verib.
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Surə Seyid qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyə və qayğısı ilə elektron universitet yaradılması, distant təhsilin tətbiqi ilə bağlı bu ali təhsil ocağında mühüm işlər görülübdür. Universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin, elektron kitabxana və müxtəlif internet mərkəzlərinin fəaliyyətləri, virtual əməkdaşlığın inkişafı məqsədilə onlayn bağlantılar, beynəlxalq videokonfrans və simpoziumların təşkili buna bariz nümunədir.
Tədbirdə tələbələrin layihə ilə bağlı sualları cavablandırılıb.