DÜNYA
EDUARD ŞEVARDNADZE: GÜRCÜSTANIN ABŞ İLƏ ƏMƏKDAŞLIĞI RUSİYANIN MARAQLARINA QARŞI YÖNƏLDİLMƏMİŞDİR
İTAR-TASS-ın verdiyi xəbərə görə, Gürcüstan Prezidenti Eduard Şevardnadze bəyan etmişdir ki, “Gürcüstanin ABŞ ilə əməkdaşlığının dərinləşdirilməsi Rusiyanın maraqlarına qarşı yönəldilməmişdir”.
Prezident hökumətin iclasında çıxış edərkən demişdir ki, “Rusiya Federasiyasının rəhbərliyi Gürcüstanla ABŞ arasında münasibətlərin inkişafını düz başa düşür”. Onun sözlərinə görə, “Gürcüstan-Amerika əməkdaşlığı təkcə iki ölkənin maraqlarına deyil, Rusiyanın özünün də maraqlarına uyğundur”.
Eduard Şevardnadze vurğulamışdır ki, “Gürcüstan Amerikaya yaxınlaşır və ABŞ-ın strateji müttəfiqinə çevrilir. Bu, əsla o demək deyil ki, biz Rusiyadan uzaqlaşırıq. Biz Gürcüstanla qarşılıqlı fəaliyyətə maraq göstərən bütün ölkələrlə olduğu kimi, Rusiya ilə də əməkdaşlığı inkişaf etdirməyə hazırıq”.
13/3 XX-3
BMT TƏHLÜKƏSİZLİK ŞURASININ QƏTNAMƏSİNDƏ
FƏLƏSTİN DÖVLƏT ADLANDIRILMIŞDIR
BMT Təhlükəsizlik Şurası ilk dəfə olaraq İsraillə bərabər, Fələstinin də dövlət adlandırıldığı qətnamə qəbul etmişdir. Martın 12-də Təhlükəsizlik Şurasının üzvləri Birləşmiş Ştatların nümayəndə heyətinin təqdim etdiyi sənədi səs çoxluğu ilə bəyənmişlər. Sənəddə israillilərdən və fələstinlilərdən zorakılığın dayandırılması və regionda münaqişəni siyasi yolla nizama salmaq üçün tədbirlər görülməsi tələb olunur. Qətnamədə hər iki tərəfin liderlərinə “Tenetin əməli planının və Mitçellin məruzəsində irəli sürülən tövsiyələrin” həyata keçirilməsi üçün əməkdaşlıq etmək barədə çağırış da var. Həmin planın və tövsiyələrin həyata keçirilməsi nəticə etibarilə sülh danışıqlarına yenidən başlanmasına kömək etməlidir.
BMT TŞ-nin üzvləri 2000-ci ilin sentyabrından bəri Yaxın Şərqdə baş verən faciəli hadisələrin və zorakılığın davam etməsindən ciddi narahat olduqlarını bildirmişlər. Sənəddə deyilir ki, “Fələstin-İsrail qarşıdurması zonasında bütün terror, fitnəkarlıq, təhrikçilik və dağıdıcılıq əməlləri dərhal dayandırılmalıdır”.
İTAR-TASS-ın verdiyi xəbərə görə, sənəddə Rusiyanın, Birləşmiş Ştatların, Avropa Birliyinin və BMT-nin “Yaxın Şərqdə genişəhatəli, ədalətli və möhkəm sülhə nail olmağa yönəldilmiş” vasitəçilik səyləri də vurğulanılır. Beləliklə, Təhlükəsizlik Şurası zorakılığa son qoymaq üçün təcili tədbirlər görülməsi haqqında BMT-nin Baş katibi Kofi Annanın martın 12-də səhər səslənmiş çağırışına dərhal öz münasibətini bildirmişdir. Baş katibin fikrincə, regionda zorakılığın səviyyəsi “son həddə” çatmışdır.