SİYASƏT
EFE agentliyi: “Bakı hesab edir ki, Qarabağ danışıqlarına hər hansı qeyd-şərtin qoyulması şantajdır”
Madrid, 16 mart, AZƏRTAC
Ermənistan prezidenti Serj Sarkisyanın İspaniyanın EFE agentliyinə müsahibəsində səsləndirdiyi bəyanatlara cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev həmin agentliyə “Bakı hesab edir ki, Qarabağ danışıqlarına hər hansı qeyd-şərtin qoyulması şantajdır” adı altında müsahibə verib.
Müsahibə EFE agentliyi vasitəsilə İspaniyanın və Latın Amerikasının aparıcı mətbuat orqanlarında, o cümlədən “Lavanguardia”, “Elconfidencial”, “Eldiario” portallarında və digər KİV-lərdə yayılıb.
Müsahibədə H.Hacıyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlara başlamağa Ermənistan tərəfindən dövlət başçısı səviyyəsində qeyd-şərtin qoyulması Ermənistanın qəsdən danışıqları pozması, boykot və şantaj etməsidir. O bildirib: “Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir və ümumiyyətlə, münaqişənin həlli üzrə bütün baza sənədlərinin mahiyyətinə və ruhuna ziddir. Artıq 2016-cı ilin iyun ayından Ermənistan bütün görüşlərdən qaçır. Ermənistan xarici işlər naziri açıq şəkildə Hamburq və Münxendə öz iştirakını yalnız ATƏT-in Minsk qrupunun həmsədrlərinin iki ölkənin xarici işlər nazirləri üçün təşkil etdiyi şam yeməyi ilə məhdudlaşdırdı”.
Müsahibə əsnasında H.Hacıyev bildirib ki, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində müzakirə olunan məsələlərin mahiyyəti ondan ibarətdir ki, insidentlərin araşdırılması mexanizmi, humanitar məsələlər və münaqişənin həlli üzrə substantiv danışırlar paralel və sinxron şəkildə aparılmalıdır. XİN rəsmisi deyib: “Ermənistanın substantiv danışıqlardan imtina etməsi davamlı şəkildə siyasi-hərbi təxribatlar və hərbi avantüra, Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibə çağırışlı ictimai açıqlamaları, seçkiqabağı daxili siyasi mühitin manipulyasiya edilməsi, işğal olunmuş ərazilərdə öz hərbi imkanlarının artırılması, hərbi təlimlərin keçirilməsi və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi ilə müşayiət olunur”.
Bütün bunların Ermənistanın açıq şəkildə Azərbaycan ərazilərinin ilhaqı (anneksiya) siyasəti yürütməsinin göstəricisi olduğunu deyən H.Hacıyev Azərbaycanın münaqişənin həlli üzrə substantiv danışıqlara hazır olduğunu qeyd edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid