ELM VƏ TƏHSİL
EKSON ŞİRKƏTİ QAÇQIN UŞAQLARI ÜÇÜN İKİ YENİ MƏKTƏB TİKMƏKDƏ AZƏRBAYCANA KÖMƏK ETMİŞDİR
“Ekson Azərbaycan” şirkəti “Relif İnternəşnl” cəmiyyəti və onun qeyri- dövlət təşkilatlarından olan yerli tərəfdaşı – “Mədəd Azərbaycan” (“MƏDƏD”) təşkilatı ilə birlikdə İmişli və Saatlı rayonlarında məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə iki yeni məktəb tikməyə kömək etmişdir. Bu barədə şirkətin mətbuat xidməti xəbər vermişdir.
Şirkətin baş meneceri Drü Qudbredin sözlərinə görə, 2001-ci ildə “Ekson Azərbaycan” şirkəti “Relif İnternəşnl” iki məktəbin tikintisinin pilot layihəsini maliyyələşdirməyi öz üzərinə götürmüşdür. Bu məktəblər 280-dən artıq uşağın təhsil almasına imkan verir.
Əhali üçün əlavə gəlir mənbəyi yaratmaq məqsədi ilə məktəb tikintiləri üçün istifadə edilən materiallar yerli bazarlardan alınmış, tikintinin özü isə yerli inşaat briqadaları tərəfindən aparılmışdır.
Yeni məktəblər tikilənə qədər 90 şagird və 11 müəllim namünasib binanın 1-ci mərtəbəsində, kifayət qədər işıqlandırılmayan dəhlizdə dərs keçirdilər. Digər rayonda 60 ibtidai sinif şagirdi valideynlər tərəfindən tikilmiş müvəqqəti otaqlarda məşğul olurdu, çünki ən yaxın məktəb 5 kilometr məsafədə idi.
150-dən artıq köçkün uşağı indi normal şəraitdə oxuyacaqdır.
Ekson şirkəti tərəfindən ayrılmış maliyyə vəsaitlərindən həm də orta və yuxarı sinif şagirdləri üçün təxminən 80 dəst dərslik almaq üçün istifadə edilmişdir.