SİYASƏT
ELİZABET CONSUN UKRAYNAYA VƏ QAFQAZA SƏFƏRİ BAŞLADI
Avqustun 22-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Elizabet Consun Ukraynaya və Qafqaz bölgəsinə səfəri başlamışdır. Səkkiz gün davam edəcək səfərin gedişində xanım Consun Kiyevdə Ukraynanın müstəqilliyinin on illik yubileyi ilə bağlı bayram mərasimində iştirakı da nəzərdə tutulur. Daha sonra Bakı, Tbilisi və Yerevanda dövlət başçıları, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşmək istəyən Elizabet Cons deyir ki, “ABŞ-ın Qafqazdakı bu ölkələrin suverenliyi, müstəqilliyi və sabitliyinə dəstək verməyə sadiq qaldığını vurğulayacam”.
ABŞ diplomatının səfərin son mərhələsində - Vyanada ATƏT-in rəsmiləri və xüsusilə Minsk qrupunun nümayəndələri ilə aparacağı müzakirələrdə Ermənistan-Azərbaycan münaqişəsinə dair danışıqlardakı vəziyyət diqqət mərkəzində olacaqdır. Elizabet Cons səfərinə dair brifinqdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı bildirmişdir ki, tərəflərin razılığa gəlməməsi təəssüf doğursa da, danışıqların düyünə düşdüyünü hesab etmək olmaz: Ermənistan və Azərbaycan prezidentləri görüşlərini davam etdirirlər. Məsələyə nikbin baxan diplomat demişdir ki, Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ danışıqların davam etməsinə mümkün qədər yardım göstərməyə hazırdır.
Səfər çərçivəsində daha bir görüş Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanın ATƏT-dəki səfirləri ilə olacaqdır. Bu görüşdə GUÖAM-la birgə reallaşdırılacaq proqramlar nəzərdən keçiriləcəkdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton