İQTİSADİYYAT
ERMƏNİSTANLA HEÇ BİR İQTİSADİ ƏMƏKDAŞLIQDAN SÖHBƏT BELƏ GEDƏ BİLMƏZ
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının \QİƏT\ üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının aprelin 25-də Kiyevdə keçirilmiş 6-cı iclasında Ermənistan tərfinin fəal və sərt müqavimətinə baxmayaraq, Azərbaycan tərəfinin təklif etdiyi bütün düzəlişlərin qəbul edilməsi faktını, həqiqətən, diplomatiyamızın uğuru hesab etmək olar.
Xəbər verdiyimiz kimi, forumda Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edir.
M.Məmmədquliyev ingilis dilində ətraflı və maraqlı çıxış edərək, Ermənistan nümayəndə heyətinin Azərbaycanı və Türkiyəni onun ölkəsinə destruktiv münasibət bəsləməkdə, onunla əməkdaşlıq etmək istəməməkdə təqsirləndirmək cəhdlərinə kəsərli cavab vermişdir.
Azərbaycan xarici işlər nazirinin müavini bu böhtanları rədd edərək vurğulamışdır ki, təcavüzkar ölkə olan Ermənistan Respublikası işğal etdiyi əzəli Azərbaycan torpaqlarını azad etməyincə, qaçqınlar doğma ocaqlarına qayıtmayınca onunla heç bir iqtisadi əməkdaşlıqdan söhbət gedə bilməz.
Yeri gəlmişkən, forumda təcavüzkar separatizm, beynəlxalq terrorizm və onların QİƏT ölkələri arasında əməkdaşlığa, o cümlədən iqtisadi əməkdaşlığa fəlakətli təsir göstərməsi ilə bağlı məsələlər də müzakirə olunurdu.
Forumun bütün iştirakçıları yüksək vəzifəli diplomatımızın çıxışını dəstəkləmiş, tədbirdən sonra isə Ukraynanın və xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri ondan müsahibə almaq arzusunda olduqlarını bildirmişlər.
QİƏT-in hazırki sədri Ukrayna öz səlahiyyətlərini Albaniyaya vermişdir.
Forumda Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev də iştirak edirdi.
ZEYNAL AĞAZADƏ
AZƏRTAC-ın ştatdankənar müxbiri
Kiyev