SİYASƏT
ERMƏNİSTAN MÜXALİFƏTİ SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİN SAXTALAŞDIRILMASI ƏLEYHİNƏ ETİRAZ MİTİNQİ KEÇİRƏCƏKDİR
Arminfo xəbər verir ki, Stepan Dəmirçyanın seçkiqabağı komitəsinin rəhbəri Qriqor Arutyunyan fevralın 20-də keçirilmiş mətbuat konfransında seçkilər zamanı kütləvi pozuntulara yol verildiyini bildirmişdir. Onun sözlərinə görə, seçki günü, saat 11-də seçicilərin fəallığı hakimiyyət orqanlarında təşviş doğurmuş və onlar anlamışlar ki, saxtakarlıqsız keçinə bilməyəcəklər. Özü də, hakimiyyət zor tətbiq etmək və qorxutmaq metodlarından da çəkinməmişdir. İş o yerə çatmışdır ki, parlamentin iki deputatı saxlanılmış, bir sıra seçki məntəqələrində namizədlərin vəkilləri döyülmüşdür.
Prezidentliyə digər namizəd Aram Sarkisyan bildirmişdir ki, müxalifət seçkilər zamanı yol verilmiş çoxsaylı saxtakarlıqlarla barışmayacaqdır. O, baş verə biləcək qarşıdurmanın məsuliyyətini hakimiyyət orqanlarının üzərinə qoymuşdur. Mətbuat konfransında müxalifətin mitinqinin fevralın 21-də keçiriləcəyi bildirilmişdir.