ELM VƏ TƏHSİL
ERMƏNİ TƏCAVÜZÜNÜN AĞIR NƏTİCƏLƏRİNƏ HƏSR OLUNMUŞ KİTAB
“Çaşıoğlu” nəşriyyatı Bakı Dövlət Universitetinin kafedra müdiri, dosent Tapdıq Həsənovun “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələri” kitabını çapdan buraxmışdır.
Kitabda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və onun ətrafındakı rayonların təbiətinə, təbii sərvətlərinə, ekologiyasına, əhalisinin sosial vəziyyətinə, iqtisadiyyatına, habelə təhsil, səhiyyə və mədəniyyət obyektlərinə, tarixi abidələrinə vurulmuş ölçüyəgəlməz ziyanlar təkzibolunmaz faktlarla göstərilir.
Kitaba BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat və qətnamələri də daxil edilmişdir.
Ermənistanın Azərbaycana qarşı aramsız təcavüzkarlıq siyasətini sübut edən tarixi və müasir xəritələr, habelə ölkəmizə və xalqımıza vurulmuş maddi və mənəvi ziyanı əks etdirən müfəssəl statistik cədvəllər də diqqəti cəlb edir.
Kitabın elmi redaktoru Azərbaycan MEA-nın müxbir üzvü Arif Quliyev, rəyçisi, coğrafiya elmləri doktoru, professor Şövqi Göyçaylıdır.