SİYASƏT
E.Rinkeviçs: “Şərq Tərəfdaşlığı”nın üzvü olan ölkələrin sammiti hərb dövrünün sammiti olacaq
Riqa, 31 mart, AZƏRTAC
“Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin may ayına nəzərdə tutulan sammiti hərb dövrünün sammiti olacaq. Bu sözləri Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ölkəsinin Aİ-də sədrliyinin ilk üç ayına həsr olunmuş mətbuat konfransında səsləndirib.
O bildirib ki, sammit Latviyanın sədrliyi dövründə xarici siyasət sahəsində ən mühüm hadisə olacaq və çox mürəkkəb geosiyasi vəziyyətdə keçiriləcək.
Nazir deyib: “Ukraynanın şərqindəki hadisələri nəzərə alsaq, bu görüş xeyli dərəcədə hərb dövrünün sammiti olacaq”. Nazir vurğulayıb ki, Aİ-nin üzvü olan ölkələr real islahatlar aparan və assosiasiya haqqında müqavilələr bağlayan Ukrayna, Moldova və Gürcüstan kimi ölkələri dəstəkləyərək, “Şərq Tərəfdaşlığı” layihəsini davam etdirməyin vahid və dəqiq siyasi öhdəliyi barədə razılığa gəlməlidirlər.
Xarici işlər naziri qeyd edib ki, “Şərq Tərəfdaşlığı”nın üzvü olan altı ölkədən hər birinə daha fərdi yanaşma, habelə energetika sahəsində əməkdaşlığın gücləndirilməsini görmək istərdi.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa