İQTİSADİYYAT


“EXPO 2017 - Gələcəyin enerjisi” sərgisində Azərbaycan pavilyonu ən çox ziyarət olunanlar arasındadır

Astana, 10 iyul, АZƏRTAC

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Astana şəhərində “EXPO 2017 - Gələcəyin enerjisi” beynəlxalq sərgisindəki Azərbaycan pavilyonunda Milli Gün təşkil olunub.

Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən Azərbaycan pavilyonu “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyasında qurulub. “EXPO 2017 - Gələcəyin enerjisi” beynəlxalq sərgisində 115 ölkə və 30 beynəlxalq təşkilat iştirak edir.

Azərbaycan pavilyonu ən çox ziyarət olunanlar arasındadır. Sərginin ilk günlərindən Azərbaycan pavilyonu ziyarətçi sayına görə dördüncü yeri tutub. Böyükdən-kiçiyə hamı tərəfindən maraqla qarşılanan Azərbaycan pavilyonunun Milli Günündə iştirak edən ziyarətçilər öz təəssüratlarını AZƏRTAC ilə bölüşüblər.

Azərbaycan pavilyonunun onda xoş təəssürat yaratdığını bildirən Asel deyib: “Azərbaycan pavilyonu maraqlı alınıb və çox xoşuma gəldi. Tərtibat, musiqi, Azərbaycan tarixini əks etdirən hissə çox gözəldir. “EXPO-2017” sərgisi bizə bilmədiyimiz çox şeyi öyrətdi. Bu pavilyonu ziyarət etməkdən məmnunam”.

Yerli sakin Julduz Azərbaycan Milli Gününun fərqli və gözəl keçdiyini qeyd edir. Bu tədbirdən də görmək olar ki, Azərbaycan inkişaf edən ölkədir. Rəqslər, sərgi Azərbaycan mədəniyyətinin zənginliyini göstərir. Lövhələrdə izahların bir neçə dildə olmasını xüsusilə bəyəndim.

“Azərbaycan pavilyonu haqda təəssüratım çox yüksəkdir. “Gələcəyin enerjisi” mövzusu ölkənin tarixi, mədəniyyəti ilə çox yaxşı əlaqələndirilib. Konsert proqramı Milli Günə başqa rəng qatdı. Azərbaycan xalqına uğurlar arzulayıram”. Bu fikirləri isə rejissor Stanislav Çik bildirib.

Sərgi sentyabrın 9-dək davam edəcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.