İQTİSADİYYAT
E-imza sertifikatı istifadəçiləri üçün yeni onlayn imza proqramı
Bakı, 14 aprel, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin tərkibində fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM) tərəfindən hazırlanmış onlayn imza proqramı yenilənib. Bu səbəbdən e-imza sertifikatı ilə imzalama proqramından istifadə edən istifadəçilər kompüterlərində olan imzalayıcı proqramı yenisi ilə əvəz etməlidir. Milli Sertifikat Xidmətləri Mərkəzi bu barədə istifadəçilərə “www.e-gov.az ” portalı və “www.e-imza.az” saytı üzərindən bildiriş təqdim edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, yenilənmiş proqrama lokal faylların imzalanması və imzalanmış sənədlərin yoxlanılması üçün yeni imkanlar əlavə edilib. Bu yenilik saytında və ya proqram təminatlarında imzalama imkanını əldə etmək istəyənlər üçün nəzərdə tutulur. Həmçinin imzalama prosesində informasiyanın qorunması üçün təhlükəsizlik daha da gücləndirilib.
Bu sadə prosesi həyata keçirmək üçün kompüterə ilk növbədə OnlineSigner.exe faylını yükləmək lazımdır. Avtomatik yüklənən proqramı administrator adından işə salmaq vacibdir. Açılan pəncərədə işləmək üçün istifadəçiyə rahat olan üç dildən biri seçilir və əməliyyat orada göstərilən ardıcıllıqla aparılır.
Ətraflı məlumatı https://www.e-gov.az/az/news/read/529 linkindən əldə etmək olar.