ELM VƏ TƏHSİL
“Eazi START” startap məktəbinin layihələri qrant müsabiqəsində qalib gəlib
Bakı, 22 oktyabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi müsabiqədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “eazi START” startap məktəbinin üç layihəsi qalib gəlib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi bu qrant müsabiqəsində “eazi START” startap məktəbinin Magic Words, Smart Keyboard, Comfortab layihələri qalib olub.
Qrant müsabiqəsinə ümumilikdə 121 layihə təqdim olunub, onlardan 112-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim edilib. Bu layihələrdən 61-i müsbət rəy alıb. Fondun Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 61 layihədən 29-nun maliyyələşdirilməsi haqqında qərar qəbul olunub.
ADNSU-nun nəzdində startap məktəbi və biznes inkubatoru olan “eazi START” 2015-ci ilin sonlarında yaradılıb, 2016-cı ilin yanvarında burada ilk təlimlərə başlanılıb. Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi və tələbələrlə işlərin aparılmasında tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları fəal iştirak edib.