CƏMİYYƏT
“Ecoceane” şirkətinin prezidenti: Xəzər dənizinin qorunması proqramını həyata keçirməyi planlaşdırırıq
Bakı, 20 noyabr, Əziz Məmmədov, AZƏRTAC
“Bakını çox sevirəm, Azərbaycan paytaxtında əvvəllər də olmuşam. Qapalı hövzə olan Xəzərdə böyük həcmdə neft və qaz ehtiyatları hasil edilir. Azərbaycanın ekologiya və təbii ehtiyatlar naziri ilə birlikdə Xəzər dənizinin qorunması proqramı üzərində işə başlamışıq”.
Fransanın “Ecoceane” şirkətinin prezidenti Erik Vial bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində deyib. Şirkətin rəhbəri suyun səthindən neft məhsullarının və müxtəlif bərk tullantıların toplanması üçün nəzərdə tutulan müxtəlif konstruksiyalı gəmilər və onların texniki xarakteristikaları barədə məlumat verərək, deyib: “Bizim şirkət liman sularının bərk və maye tullantılardan təmizlənməsi, açıq dənizdə çirklənmələrin aradan qaldırılması üçün nəzərdə tutulan müxtəlif ölçülü gəmilər istehsal edir. Belə gəmilərdən istifadə edilməsi sayəsində sahil zonasının qorunması təmin olunur. 2011-ci ilin noyabr ayında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti bizim şirkətdən “Cataglop” tipli iki kater alıb. Azərbaycan Ekologiya Nazirliyi də bizdən iki kater alıb. Yükqaldırma qabiliyyəti 1200 kiloqrama bərabər olan bu kater bir nəfər tərəfindən idarə edilir. Gəmi dənizdəki çirkab suları, habelə bərk tullantıları (ağac, plastik kütlə, su bitkiləri və s.) böyük sürətlə təmizləməyə imkan verir.
Ekologiyanın çirklənməsi dövlət sərhədlərindən asılı deyil. Hər hansı ayrıca bir sahəni yox, bütün Xəzər hövzəsini qorumaq lazımdır. Mən hələ üç il bundan əvvəl sahilyanı ölkələrdə baş verə biləcək hər hansı qəzaların qarşısının operativ şəkildə alınmasını təklif etmişdim. Bu təklifə əsasən, həmin ölkələrin hər birində dayaq məntəqələri yaradılacaq. Qəza baş verdikdə həmin məntəqələr vasitəsilə əlaqə saxlayaraq yaxınlıqdakı kateri operativ şəkildə hadisə yerinə göndərmək mümkün olacaq. Bu, dənizin səthini çox sürətlə təmizləməyə imkan verəcək, dənizə axmış neftin böyük əraziyə yayılmasının qarşısını alacaq, habelə Xəzər dənizinin heyvanat aləminin qorunmasına müsbət təsir göstərəcək”.