DÜNYA
Edvard Hopperin təxmini qiyməti 20-30 milyon dollar olan əsəri hərraca çıxarılır
Bakı, 18 aprel, AZƏRTAC
ABŞ-ın Nyu-York şəhərindəki Christie's satış evi məşhur amerikalı realist-rəssamı Edvard Hopperin “İki puritan” rəsm əsərini satışa çıxarır. Satış evinin nümayəndələri əsərin təxmini qiymətinin 20-30 milyon dollar olduğunu bildirirlər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 1945-ci ildə çəkilən və alçaq hasarla əhatələnmiş iki səliqəli ağ evin təsvir edildiyi rəsm əsəri mayın 21-də Amerika incəsənətinə həsr olunmuş auksiona çıxarılacaq.
“İki puritan” əsəri demək olar ki, Hopperə həsr olunmuş bütün sərgilərdə nümayiş olunsa da, satışa ilk dəfə olaraq qoyulur. Əsərin hazırkı sahibinin adı açıqlanmır.
Qeyd edək ki, Edvard Hopper 1882-ci il iyulun 22-də anadan olub. Uşaq yaşlarından şəkil çəkməyə həvəs göstərən Hopper rəsm məktəblərində, o cümlədən Avropada təhsil alıb. Görkəmli rəssam 1967-ci ildə ABŞ-ın Nyu-York şəhərində vəfat edib.
Ekspertlər son zamanlar incəsənət bazarında Hopperin əsərlərinə yüksək maraq olduğunu qeyd edirlər. 2013-cü ildə onun “Uixouken üzərində şərq küləyi” (1934) əsəri hərracda 40,5 milyon dollara satılmışdı.