SİYASƏT
Efiopiya Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlıdır
Əddis-Əbəbə, 8 noyabr, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin yeni təyin olunmuş elm və texnologiyalar naziri Getahun Mekuria ilə görüşüb.
Görüşdə səfir E.Abdullayev bu vəzifəyə təyin olunması münasibətilə nazir G.Mekurianı təbrik edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.
Səfir E.Abdullayev nazirə Azərbaycan haqqında geniş məlumat verərək, ölkəmizin əldə etdiyi uğurları və regionun əsas elm və texnologiya mərkəzinə çevrildiyini diqqətə çatdırıb. Hələ SSRİ dövründə Azərbaycanın paytaxtı Bakının əsas akademik mərkəzlərdən biri olduğunu qeyd edən səfir E.Abdullayev minlərlə afrikalının ölkəmizdə müxtəlif ixtisaslar üzrə təhsil aldığını vurğulayıb. Səfir bu gün ölkəmizdə dünya standartlarına cavab verən elm mərkəzlərində və təhsil ocaqlarında yüksəkixtisaslı mütəxəssislərin hazırlandığını Efiopiya rəsmisinin diqqətinə çatdırıb.
Nazir G.Mekuria təbrikə görə təşəkkürünü bildirib, ölkəsinin Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu və bunun üçün böyük potensialın mövcudluğunu qeyd edib. Efiopiyalı nazir ölkələrimiz arasında münasibətlərin inkişafı üçün təcrübə mübadiləsinin həyata keçirilməsinin və hüquq-müqavilə bazasının yaradılmasının vacibliyini vurğulayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə