DÜNYA
Egey dənizi sahillərində güclü zəlzələdən sonra 160 afterşok qeydə alınıb
Bakı, 21 iyul, AZƏRTAC
Türkiyənin Boğaziçi Universitetinin Kandilli rəsədxanasının məlumatına əsasən, Egey dənizi sahillərində baş verən zəlzələnin gücü 6,6 bal olub. Zəlzələdən sonra ən güclüsü 4,4 bal olmaqla, 160 afterşok qeydə alınıb
AZƏRTAC NTV telekanalına istinadla xəbər verir ki, bu faktlar Kandilli rəsədxanası və Zəlzələ Tədqiqatları İnstitutunun direktoru professor Haluk Özenerin keçirdiyi mətbuat konfransında acıqlanıb. O, həmçinin zəlzələdən sonra 13 santimetr hündürlüyündə sunami dalğasının yarandığını bildirib. Haluk Özenerin sözlərinə görə, Türkiyə ərazisinin 80-85 faizi "ciddi bir zəlzələ təhlükəsi ilə” qarşı-qarşıyadır.
Xatırladaq ki, cümə gününə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində güclü zəlzələ baş verib. Zəlzələnin episentri Türkiyənin Bodrum kurort şəhərindən 10,3 kilometr, həmçinin Yunanıstanın turistlər arasında populyar olan Kos adasından 16,2 kilometr aralıda yerləşib. Adada 2 nəfər həlak olub, 120 nəfər yaralanıb. Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, böyük daşıntıya məruz qalan adada Osmanlı dövrünün yadigarlarından olan Defterdar məscidinin minarəsi də uçub. Türkiyədə ölən olmadığı, 80 nəfərin xəsarət aldığı bildirilir.
Zəlzələdən sonra Bodrum sakinləri və turistlər gecəni küçələrdə keçiriblər.