DÜNYA
“EgyptAir”: A320 təyyarəsinin pilotu qəzadan öncə yanğını söndürməyə çalışıb
Bakı, 5 iyul, AZƏRTAC
İkinci “qara qutuda” olan məlumata əsasən, “EgyptAir” aviakompaniyasına məxsus təyyarənin pilotlarından biri qəzadan öncə A320 laynerinin göyərtəsində baş verən yanğını söndürməyə çalışıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, 37 min fut (11 min metr) hündürlükdə uçan təyyarədə başlayan yanğının səbəbi hələ ki, məlum deyil. Lakin qəzaya uğramazdan 3-4 dəqiqə əvvəl təyyarənin quyruq hissəsində yerləşən özüyazan qurğunun işinin dayandığı bildirilir.
Xatırladaq ki, mayın 19-da MS804 reysi ilə Parisdən Qahirəyə uçan təyyarə Aralıq dənizi üzərində radarlardan itib. Bir qədər sonra laynerin dənizə düşdüyü müəyyən edilib. Hadisə zamanı təyyarənin göyərtəsindəki 66 nəfər, o cümlədən heyət üzvləri həlak olub.
Qəzanın səbəblərini araşdıran komissiya hələlik heç bir versiyaya üstünlük vermir. Müstəqil ekspertlər isə təyyarənin göyərtəsində partlayış olduğu barədə ehtimalı daha inandırıcı sayırlar.