SİYASƏT


Ehtiyatda olan general-leytenant Çingiz Məmmədov: Ermənistan ordusu yalnız sədəqə hesabına dolanır

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Ermənistanın hakimiyyəti və xüsusilə də qonşu dövlətin ordusu diaspordan toplanan sədəqə hesabına dolanır.

Bu fikri Ermənistan parlamentinin müxalif “Erməni milli konqresi” fraksiyasından olan deputatı Nikol Paşinyanın Dağlıq Qarabağdakı separatçı rejimə maddi yardım üçün toplanmış maliyyə vəsaitinin xərclənməsinin yoxlanılması məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edən ehtiyatda olan general-leytenant Çingiz Məmmədov bildirib.

Çingiz Məmmədov deyib ki, Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən əldəqayırma müxalifətçi liderin aprel hadisələri barədə səsləndirdiyi uydurma və yalan fikirlər ölkədə mövcud olan real gərginliyin fonunda reytinqi kəskin surətdə aşağı düşən və dayaqları laxlayan hərbi-kriminal rejimin nüfuzunu bərpa etmək məqsədini daşıyır.

Populist çıxışları ilə seçilən N.Paşinyan da öz reytinqini qaldırmaq üçün Ermənistan ordusunda və işğal olunmuş ərazilərimizdə yerləşən hərbi bölmələrdəki özbaşınalıqları qəsdən görmədən növbəti dəfə “erməni qəhrəmanlığından” dəm vurur.

Döyüşlər zamanı guya hansısa “dərin kəşfiyyat sistemindən” istifadə etməklə erməni topçularının cəbhənin dərinliyində Azərbaycanın 3 tankını və 200 hərbçisini məhv etməsi barədə separatçıların ona ermənisayağı söylədikləri fikirləri N.Paşinyanın ictimailəşdirməsi onun hərb sənətindən bixəbər olmasına gözəl nümunədir. Aprel hadisələri bir daha göstərdi ki, müasir vasitələrə malik artilleriyaçılarımız ən minimal miqdarda hərbi sursat istifadə etməklə ermənilərin əhəmiyyətli hərbi obyektlərini sıradan çıxardılar. Düşmənin komanda məntəqəsinə, onun hərəkətdə və sığınacaqlarda olan onlarla döyüş texnikasına endirilən zərbələri ermənilər inkar etməsinlər deyə bu faktlar vidoçəkilişlər vasitəsilə ictimaiyyətə təqdim olundu.

Azərbaycan tərəfi ermənilərdən fərqli olaraq döyüş əməliyyatları zamanı itkiləri barədə məlumatları heç vaxt ictimaiyyətdən gizlətməyib. Hətta minaya düşərək sıradan çıxmış 1 ədəd tank barədə də məlumat verilib. Biz həmişə həlak olanlara ehtiramla, döyüşlərdə yaralanan hərbçilərə isə diqqət və qayğı ilə yanaşmışıq.

N.Paşinyan unutsa da, fakt ondan ibarətdir ki, aprel döyüşlərində erməni tərəfinin itkiləri bizimkindən on qat artıq olub. Bu barədə internet saytlarında və sosial şəbəkələrdə yetərincə məlumatlar və videogörüntülər mövcuddur. Əgər erməni ordusu bu qədər qabaqcıl texnologiyalar, müasir kəşfiyyat və rabitə vasitələrinə, müasir silahlara malik olsaydı, dördgünlük döyüşlərdə 30-a yaxın tank və zirehli hərbi texnika, 300 nəfər ölü və 700 nəfərədək yaralı itki verməzdi.

Ermənistanın indiki rejiminin nümayəndələri anlamalıdırlar ki, regiondakı münaqişənin yeganə həlli yolu erməni işğalçı qüvvələrin zəbt olunmuş ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.