CƏMİYYƏT


“EkoQrafitti” təlimlərinə iştirakçı qəbulu başlayıb

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib gəlmiş, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və “Avropa Gənclər Paytaxtı 2016” Gənclər Birliyinin tərəfdaşı olduğu “EkoQrafitti” təlimləri üçün iştirakçıların qəbuluna başlanılıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, təlimlər avqustun 16-18-də “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ofisində təşkil olunacaq. Təlim “Ekologiya, yenidən istifadə və tullantıların çeşidlənməsi”, “Qrafitti çəkimi və tarixi barədə məlumatlar; Könüllülər üçün master klas şəklində qrafitti çəkimi”, “Kreativlik haqqında təlim”, “Seçilən şüarların qrafitti ilə eskizlərinin hazırlanması” mövzularını əhatə edəcək.

Eskizlər hazır olduqdan sonra layihənin ekoloji aksiya fəaliyyətlərinə başlanılacaq. Belə ki, məişət tullantıları üçün nəzərdə tutulmamış, lakin çirkləndirilmiş ərazilər təmizlənəcək. Həmin ərazilərdə iştirakçıların təlimlər ərzində hazırladıqları kreativ sosial şüarlar qrafitti ustası tərəfindən çəkiləcək. Bu müddətdə iştirakçılar ərazidə yaşayan sakinlərə yenidən istifadə, çeşidlənmə və tullantıların qutulara atılması zərurəti barədə məlumatlar olan broşürləri paylayacaqlar. Plastik, şüşə, kağız tullantılar çeşidlənərək bu məhsulların yenidən istifadəsi ilə məşğul olan qurum və təşkilatlara göndəriləcək.

Təlimlərdə iştirak etmək istəyənlər https://goo.gl/W6wdp5 linkinə daxil olub qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.