İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri” 4-cü sahəsində 2 min 27 ton neftşlam emal edilərək zərərsizləşdirilib
Bakı, 19 yanvar, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tullantıların Emalı Departamenti (TED) tərəfindən 2016-cı ilin IV rübündə SOCAR-ın Kompleks Qazma İşləri Tresti ilə olan müqaviləyə əsasən həmin ərazidən 690 kubmetr çirkab suları, 231 ton qazma gilli məhlulu daxildə daşınıb, 692 ton qazma şlam daşınaraq SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzinə təhvil verilib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, rüb ərzində TED tərəfindən Heydər Əliyev adına neft emalı zavodundan (NEZ) mexaniki təmizləyici qurğularına daxil olan 3 milyon 227 min kubmetrdən çox sənaye çirkab suları neft məhsullarından və mexaniki qarışıqlardan (oktyabr ayında 1 milyon 299 min kubmetr, noyabr ayında 629 min 79 kubmetr, dekabr ayında isə 1 milyon 299 min kubmetr) təmizlənib, texnoloji proseslər nəticəsində formalaşan 3 min 604 tona qədər neftşlam müasir qurğu və avadanlıqlarla emal edilərək zərərsizləşdirilib, neftin əvəzsiz təhvili 93 ton olub.
Ötən üç ayda TED-in 4-cü sahəsində (Heydər Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) 810 min kubmetrə qədər sənaye çirkab suları (oktyabr ayında 289 min kubmetr, noyabr ayında 256 min kubmetr, dekabr ayında isə 265 min kubmetr) təmizlənib, neftin əvəzsiz təhvili 72 ton olub. QSC-nin 4-cü sahəsində 2 min 27 ton neftşlam emal edilərək zərərsizləşdirilib.
2016-cı ilin IV rübündə TED müqavilə əsasında SOCAR-ın Qaz Emalı Zavodu, “Azneft” İB (Dübəndi sahəsi) “Kompleks Qazma İşləri” tresti və Ekologiya İdarəsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” QSC, Xəzər Dəniz Neft Donanması, “AAS-ATE” MMC, “Surakhany Oil Operation Company S.A.”, “AAS-Ekol” MMC və sair sifarişçi təşkilatlara yüksək səviyyədə xidmət göstərib. Rüb ərzində bu təşkilatlardan qəbul edilmiş 1170 ton şlam, 7 min 858 kubmetr yağlı su, 2 ton 860 kiloqram yağlı torpaq, 398 kubmetr döşəməaltı-lyal axıntı suları, 5 min 285 kubmetr mədən axıntı suları və digər tullantılar mexaniki üsullarla emal olunaraq zərərsizləşdirilib.
Bununla yanaşı, TED-in 3-cü sahəsinə “AAS-Ekol” MMC-dən müqavilə əsasında daxil olan 24,32 ton ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılıb.