İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri” QSC-də 96 kubmetr neftşlam emal olunub
Bakı, 18 avqust, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-də 96 kubmetr neftşlam emal edilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “Ekol Mühəndislik Xidmətləri”nin əsas fəaliyyət sahələrindən biri də (Heydər Əliyev adına NEZ-in 9-cu sahəsi) TED 6-cı sahəsində texnoloji proseslər nəticəsində formalaşan neftşlam və sənaye çirkab sularının təmizlənməsidir. Sənaye çirkab sularının, neftşlamın müasir üsullarla və qəbul edilmiş normalara uyğun təmizlənməsi üçün QSC-də mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Belə ki, tullantıların emalı departamenti (TED) 6-cı sahəsində 1 saylı sənaye tullantıları nasosxanasının qəbul hovuzunda qum və neftşlamdan təmizlənmə işlərinə başlanılıb. Tullantılar ümumi sahəsi 121 kvadratmetr və tutumu 2000 kubmetr olan qəbul hovuzunda toplanıb, 96 kubmetr neftşlam “Börger” nasosu vasitəsilə “Alfa-Laval” şirkətinin dekanter qurğusunun qəbul anbarına vurularaq emal olunub.
Təmizləyici qurğuların çöküntülərdən və neftşlamdan təmizlənməsi TED-in işçiləri tərəfindən bütün sahələrdə mütəmadi olaraq yerinə yetirilir.