İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri” QSC-də beynəlxalq idarəetmə sistemləri üzrə maarifləndirmə proqramının tədrisinə başlanılıb
Bakı, 10 oktyabr, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində beynəlxalq idarəetmə sistemləri üzrə maarifləndirmə proqramının tədrisinə başlanılıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, hazırda müəssisənin istehsalat sahələrində “İş yerində erqonomika” və “Tapşırıq-icazə formalarının tətbiqi” mövzularında maarifləndirmə proqramının tədrisi davam etdirilir. Ekoloji monitorinq departamentinin (EMD) rəis müavini Natella Şəfiyeva və texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov QSC-nin müxtəlif sahələrində işləyən işçilərə bu mövzuda ətraflı məlumat verirlər.
Maarifləndirmənin QSC-nin tullantıların emalı departamentinin və torpaqların rekultivasiyası departamentinin xidmət sahələrində, eləcə də inzibati təsərrüfat şöbəsində, nəqliyyat və elektromexanika sexlərində keçirilməsi nəzərdə tutulur və proqramın tədrisi oktyabrın 13-dək davam etdiriləcək.