CƏMİYYƏT
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyəti ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlib
QSC-dən AZƏRTAC-a bildiriblər ki, müəssisənin xidmət sahələrində təbii ehtiyatlardan qənaətlə istifadə edilməklə yanaşı, tullantıların idarə olunması İSO beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılır. Bu proses QSC-nin ekoloji monitorinq departamenti tərəfindən daimi nəzarətdə saxlanılır.
ARDNŞ-in ekologiya idarəsi ilə bağlanan müqaviləyə əsasən xüsusi tullantılar vaxtaşırı olaraq Qaradağ “Tullantı mərkəzi”nə təhvil verilir. Cari ilin ötən dövründə QSC tərəfindən “Tullantı mərkəzi”nə 0,53 tona qədər xüsusi tullantılar, digər müvafiq təşkilatlara isə aidiyyəti üzrə 2,43 ton bərk tullantılar, 170 kubmetrə qədər çirkab suları təhvil verilib.
QSC-də atmosferə atılan qazların minimuma endirilməsi sahəsində də qabaqlayıcı tədbirlər görülür. Bu məqsədlə istismarda olan modul və mexaniki təmizləyici qurğularda mütəmadi olaraq profilaktiki təmir işləri aparılır və xidmət sahələrində yaşıllaşdırma tədbirləri yerinə yetirilir. Həmçinin,müəssisənin balansında olan nəqliyyat vasitələri müvafiq qaydada texniki baxışdan keçirilir və nasazlıqlar operativ olaraq aradan qaldırılır.