İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri” bu ilin ikinci rübündə SOCAR-ın Tullantı Mərkəzinə 252 ton qazma şlamı təhvil verib
Bakı, 23 iyul, Nihad Budaqov, AZƏRTAC
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin tullantıların emalı departamenti (TED) tərəfindən bu ilin ikinci rübündə 252 ton qazma şlamı daşınaraq SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzinə təhvil verilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, tullantıların emalı departamenti hesabat dövründə Heydər Əliyev adına neft emalı zavodundakı (NEZ) TED-in 6-cı sahəsinin (NEZ-nun 9-cu sahəsi) mexaniki təmizləyici qurğularına daxil olan 4 milyon 221 min kubmetrdən çox sənaye çirkab sularını neft məhsullarından və mexaniki qarışıqlardan (apreldə 1 milyon 324 kubmetr, mayda 1 milyon 539 kubmetr, iyunda isə 1 milyon 359 kubmetr) təmizləyib, texnoloji proseslər nəticəsində formalaşan 3 min 156 tona qədər neftşlam müasir qurğu və avadanlıqlarla emal edərək zərərsizləşdirib.
Ötən üç ayda TED-in 3-cü sahəsində “AAS-Ekol” MMC-dən müqavilə əsasında daxil olan 28,48 ton ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılıb. Həmçinin 4-cü sahəsində (Heydər Əliyev adına NEZ-in 9-cu sahənin ərazisi) 660 min 800 kubmetrədək sənaye çirkab suları (apreldə 208 min 800 kubmetr, mayda 234 min kubmetr, iyunda isə 218 min kubmetr) təmizlənib. QSC-nin 4-cü sahəsində 509 ton neftşlam emal edilərək zərərsizləşdirilib.
TED müqavilə əsasında müxtəlif “Sifarişçi” təşkilatlardan qəbul edilən 28,56 ton şlam, 5 min 812 kubmetr yağlı su, 1,2 ton yağlı torpaq, 668 kubmetr döşəməaltı-lay axıntı suları, 5 min 56 kubmetr mədən axıntı suları və digər tullantıları mexaniki üsullarla emal edərək zərərsizləşdirib.
Bununla yanaşı, TED II rübdə “Kompleks Qazma İşləri” tresti ilə olan müqaviləyə əsasən həmin ərazidən 688 kubmetr çirkab suları daşıyıb, 64 ton qazma gilli məhlulu daxildə təmizləyib, 252 ton qazma şlamı daşıyaraq SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzinə təhvil verib.