İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri”nin 6-cı sahəsindəki çökdürücü gölün təmizlənməsinə başlanılıb
Bakı, 15 iyul, AZƏRTAC
İyulda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin tullantıların emalı departamentinin (TED) 6-cı sahəsindəki 6 saylı əlavə çökdürücü gölün təmizlənməsinə başlanılıb və qısa müddət ərzində neftşlamdan təmizlənərək istismara veriləcək.
“Ekol Mühəndislik Xidmətləri”ndən AZƏRTAC-a bildirilib ki, ətraf mühitin mühafizəsi və texnoloji proseslərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində zəruri sayılan və bu məqsədlə sənaye-çirkab sularının texnoloji reqlamentə uyğun keyfiyyətlə təmizlənməsi prosesləri QSC-də mütəmadi olaraq həyata keçirilir. Müəssisənin tullantıların emalı departamentinin 6-cı sahəsindəki (Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) 9-cu sahənin ərazisi) çökdürücü göllərin çöküntülərdən təmizlənməsi tədbirlər planı çərçivəsində görülən işlərdən biridir. İyul ayında TED-in 6-cı sahəsindəki 6 saylı əlavə çökdürücü gölün təmizlənməsinə başlanıb və qısa müddət ərzində neftşlamdan təmizlənərək istismara veriləcək. Bu kimi işlərin həyata keçirilməsi qurğuların istismar müddətinin artırılması, texnoloji proseslərin keyfiyyətinin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təmizləyici qurğuların çöküntülərdən təmizlənməsi və profilaktiki təmir işləri dövrü olaraq digər çökdürücü göllərdə və nefttutucularda da mütəmadi olaraq həyata keçirilir.