CƏMİYYƏT
Magistral avtomobil yolunun kənarındakı 30 hektar ərazidə yeni ağaclar əkilib
Bakı, 24 dekabr, E.Hüseynov, AZƏRTAC
Dekabrın 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zığ - Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirib.
AZƏRTAC xəbər verir ki, sözügedən ərazidə yeni ağacların əkilməsi və salınan yaşıllıqlara qulluq göstərilməsi məqsədilə təşkil edilən aksiyada nazirliyin əməkdaşları ilə yanaşı, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin ümumilikdə 1000-dən çox nümayəndəsi iştirak edib.
İməcilikdə Zığ - Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun kənarındakı 30 hektar ərazidə zeytun və şam yeni ağacları əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud yaşıllıqlara isə aqrotexniki qulluq göstərilib.
İməcilikdə iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə müsahibəsində bildirib ki, belə aksiyaların təşkilində məqsəd ağac əkilməsini və yaşıllıqlara qulluq göstərilməsini ictimailəşdirmək, ətraf mühitin qorunmasına insanların diqqətini artırmaqdır.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə ekoloji tarazlığın qorunmasına göstərilən xüsusi diqqəti nəticəsində yeni yaşıllıqların salınması istiqamətində ciddi irəliləyişə nail olunub. Dövlət başçısının tapşırığına əsasən son bir neçə ildə magistral avtomobil yollarının kənarlarında, o cümlədən Zığ - Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun kənarında minlərlə ağac əkilib. Ağacların müasir metodlarla becərilməsi nəticəsində 80-90 faiz bitki örtüyünün alınmasına müvəffəq olunub.
Nazir diqqətə çatdırıb ki, iməciliyin keçirildiyi ərazi bunun bariz nümunəsidir. Bu ərazi bir neçə il bundan əvvəl salınıb. Hazırda isə bar verən zeytunlarla dolu meşəliyə çevrilib.