CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib
Bakı, 4 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda ətraf mühitin mühafizəsi, meşələrin inkişafı, bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı və milli hidrometeorologiya departamentlərinin ötən il ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələri müzakirə edilib.
İclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında qoyulmuş vəzifələrin icrası ilə bağlı görülmüş işlər və həyata keçiriləcək tədbirlər barədə qısa məlumat verilib.
Nazir Hüseyn Bağırov dövlət başçısının ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxlamasını, ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük dəstək verdiyini, bu istiqamətdə iri layihələrin uğurla həyata keçirildiyini bildirib.
İclasda 2014-cü il ərzində ətraf mühitin mühafizəsi sahəsində əldə olunan uğurlar, görülmüş müsbət işlərlə bərabər, bir sıra nöqsan və çatışmazlıqların olduğu da qeyd edilib.