CƏMİYYƏT
Ekologiya və təbii sərvətlər naziri Ağdaşda 40-a yaxın vətəndaşı qəbul edib
Bakı, 26 avqust, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov avqustun 26-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir H.Bağırov Mingəçevir şəhərində, Ağdaş, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan 40-a yaxın vətəndaşı qəbul edib. Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi elə yerindəcə öz həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.