CƏMİYYƏT
Ekologiya və təbii sərvətlər naziri Gədəbəydə vətəndaşları qəbul edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 28-də Gədəbəy Mədəniyyət Mərkəzində vətəndaşlar üçün qəbul keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı Gəncə şəhərindən, Gədəbəy, Samux, Göygöl və Daşkəsən rayonlarından 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşan nazir qaldırılan məsələlərin dəqiqliklə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, sakinlər tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.