CƏMİYYƏT
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Kürdəmir şəhərində vətəndaşları qəbul edib
Bakı, 23 fevral, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevralın 23-də Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Şamaxı, Ağsu, Qobustan, Göyçay və Ucar rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı qırxa yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Görüş zamanı müraciətlərin bir hissəsi elə yerindəcə öz həllini tapıb, nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.