CƏMİYYƏT
Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşların şikayət və təkliflərini dinləyib VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov noyabrın 25-də İsmayıllı, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı 30-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.