REGİONLAR
Ekologiya və təbii sərvətlər naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyib VİDEO
Oğuz, 30 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 30-da Oğuz şəhərində növbəti qəbul keçirib.
Oğuz Olimpiya İdman Kompleksində nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Oğuz, Qəbələ və İsmayıllı rayonlarında yaşayan 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Vətəndaşların müraciətləri əsasən, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin monitorinqi, hidrometerologiya, geologiya və digər məsələlərlə bağlı olub.
Nazir Hüseyn Bağırov qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.