REGİONLAR


Ekologiya və təbii sərvətlər naziri və BMT-nin rezident əlaqələndiricisi Qızılağac Dövlət Qoruğunda olublar

Lənkəran, 25 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 25-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və BMT-nin rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai Qızılağac Dövlət Qoruğuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil edilmiş səfərin məqsədi layihənin inkişafına və gələcəkdə həyata keçiriləcək tədbirlərə baxış keçirməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMTİP tərəfindən reallaşdırılan layihə Azərbaycanın nadir və zəngin biomüxtəlifliyini qorumaq üçün sahilyanı və dəniz qoruqlarının idarəetmə səmərəliliyini artıracaq.

Layihə çərçivəsində Qızılağac Dövlət Qoruğu üçün yeni inzibati bina tikilib, qoruqda qeyri-qanuni ovçuluq və digər qanunsuz fəaliyyətlərdən qorunmaq məqsədilə kanallar qazılıb, mühafizə qayıqları, nəqliyyat vasitələri və uniformalar, meşə gözətçiləri üçün nəzarət və təhlükəsizlik avadanlığı da daxil olmaqla dəstək göstərilib, qoruğun GIS elektron xəritəsi tərtib olunub.

Bundan əlavə, layihə çərçivəsində meşə gözətçilərinin və onların gözətçi məntəqələrinin tikintisi və təmiri, iş şəraitinin yaxşılaşdırılması planlaşdırılıb.

Qoruğun heyəti üçün təlimlər keçiriləcək, dəniz və sahilyanı qorunan ərazilərin uzunmüddətli dayanıqlığını təmin etmək məqsədilə Ekosistem Monitorinq Proqramının hazırlanmasına və Qızılağac Dövlət Qoruğunun Milli Parka çevrilməsinə kömək ediləcək.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və BMT-nin rezident əlaqələndiricisi, BMTİP-in rezident nümayəndəsi Qulam İshaqzai Qızılağac Dövlət Qoruğu üçün inşa edilmiş yeni inzibati binaya baxış keçirib, qoruğun ərazisini gəziblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.