REGİONLAR
Ekologiya və təbii sərvətlər naziri vətəndaşların müraciətlərinin həlli üçün konkret tapşırıqlar verib
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, hidrometeorologiya, meşələrin qorunması, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-dən artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Nazir Beyləqan, İmişli, Ağcabədi, Füzuli və Ağdam rayonlarının sakinlərini diqqətlə dinləyərək, onların narazılığına səbəb olan halların aradan qaldırılması üçün konkret tapşırıqlar verib. Eyni zamanda, hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində zəruri tədbirlərin görülməsi də nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırılıb.
Bundan başqa, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Müraciətlərin bir hissəsi isə elə yerindəcə həllini tapıb.
ETSN-in səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.