CƏMİYYƏT
Ekoloji Turizm Şurasının ilk iclası keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyində təbiət turizmi üzrə ixtisaslaşan şirkət və qrup nümayəndələrinin də daxil olduğu Ekoloji Turizm Şurasının ilk iclası keçirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, turizm şirkətlərinin, dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrindən ibarət yaradılmış Ekoloji Turizm Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iclasda iştirak edib.
Tədbirdə Ekoloji Turizm Şurasının Əsasnaməsi, məqsəd və məramı, təbiətə münasibətdə düzgün yanaşmanın vacibliyi, gələcəkdə turizmin inkişafı sahəsində birgə fəaliyyətin həyata keçirilməsinin zəruriliyi kimi məsələlərə toxunulub.
İclasda, həmçinin ekoturizm marşrutlarının pasportlaşdırılması, milli parklarda və meşə ərazilərində marşrut sxemlərinin hazırlanması, habelə marşrutlar üçün texniki təchizatın lazımi səviyyədə təmin edilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi barədə fikir mübadiləsi aparılıb.