ELM VƏ TƏHSİL
“Ekoloji arıçılıqla” məşğul olmaq istəyən fermerlərlə müqavilələr imzalanıb
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərdən biri də ölkədə ekoloji təmiz məhsul istehsalının inkişaf etdirilməsidir. Bu məqsədə nail olmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qax rayonunda fəaliyyət göstərən Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin təşkilatçılığı ilə müxtəlif istiqamətlərdə ekoloji təsərrüfatçılığa keçid mərhələsində olan fermerlər arasında maarifləndirmə işinin genişləndirilməsi, onlara peşəyönümlü məsləhətlərin və müasir informasiyanın verilməsi üçün görüşlər keçirilir.
Regional Təcrübə və Resurs Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, “ekoloji arıçılıqla” məşğul olmaq istəyən arıçılarla Qax rayonunun Ləkit kəndindəki ”Bal Evi”ndə görüş keçirilib, onlarla müqavilələr imzalanıb.
Görüşdə Azərbaycan Arıçılar Assosiasiyasının Prezidenti Bədrəddin Həsrətov iştirak edib.