CƏMİYYƏT
“Ekoloji laboratoriya”da uşaqlar təbii məhsulların faydaları barədə məlumatlandırılıblar
Bakı, 24 oktyabr, AZƏRTAC
IDEA İctimai Birliyi (İB) və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Ərzaq Gününə təsadüf edən oktyabr təlimində uşaqlara sağlam qidalanma vərdişləri və təbii məhsulların faydaları barədə məlumat verilib, həmçinin ekoloji cəhətdən təmiz ərzaq məhsullarının müəyyən edilməsi yolları izah olunub. Praktiki məşğələ zamanı isə sağlam və orqanik qida məhsullarının becərilməsi, zərərvericilərlə mübarizə, bitkilərə gübrə verilməsi və onların suvarılması nümayiş olunub.
IDEA İctimai Birliyinin sıx əməkdaşlıq etdiyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki nümayəndəliyindən milli məsləhətçi Vüqar Bəşirov oktyabr təliminin xüsusi qonağı qismində mövzu ilə bağlı çıxış edib.
Təlimin sonunda IDEA İctimai Birliyi, FAO-nun Azərbaycan nümayəndəliyi və “Sevimli bala” təşkilatı tərəfindən iştirakçılara xatirə hədiyyələri təqdim edilib.