CƏMİYYƏT
Ekoloji qanun pozuntularına görə 125 akt və protokol tərtib olunub
Bakı, 6 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən noyabrın 16-dan 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində qanun pozuntuları aşkarlanıb. Ekoloji qanun pozuntularına görə 125 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 20 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 42 iş üzrə 50400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 1228,7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 317 iş üzrə 36601,09 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 24, icra qurumlarına 16, məhkəmələrə isə 2 iş göndərilib.