CƏMİYYƏT
Ekoloji qanunvericiliyin tələblərini pozanlar cərimələniblər
Bakı, 22 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən iyulun 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində qanun pozuntuları aşkarlanıb. Ekoloji pozuntulara görə 79 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 34 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 35 iş üzrə 33450 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 4 iş üzrə 429.67 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 133 iş üzrə 29816.15 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 13, icra qurumlarına isə 7 iş göndərilib.